REGİONLAR


Masallı rayonunda şəhid anaları ilə onlayn görüş keçirilib

Masallı, 7 mart, Bağır Əliyev, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının təşkilatçılığı ilə 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə “Şəhid anaları baş tacımızdır” mövzusunda qadınlarla onlayn görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının sədri Gülşən Xəlilova, fəal qadınlardan Nazilə Hüseynova, Nailə Əsədullayeva, Dilarə Hüseynova, Əntiqə Tağıyeva və başqaları rayonun qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan qadını milli varlığımızı özündə əks etdirən mədəni dəyərlərimizin əsrlərdən bəri bir bütöv halında qorunub saxlanılmasında misilsiz xidmətlər göstərib. Onlar milli dövlət quruculuğu işinin fəal iştirakçıları kimi ölkəmizin sosial-iqtisadi, mədəni və elmi potensialının artırılması üçün qüvvə və bacarıqlarını əsirgəməyiblər.

Diqqətə çatdırılıb ki, Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək, dualarla cəbhəyə göndərib qələbə xəbəri ilə yolunu gözlədikləri və yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirib. Vətən müharibəsində övladları şəhid olmuş analar bizim baş tacımızdır. Vətən sevgisinin hər şeydən üstün olduğunu söyləyən analar şəhidlik zirvəsinə ucalmış qəhrəman oğulları ilə fəxr etdiklərini ifadə etməklə mərdlik mücəssəməsinə çevriliblər.

Görüşün sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınların bir qrupuna qiymətli hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.