REGİONLAR


Masallı təsərrüfatçıları çəltik sahələrindən bu il bol məhsul götürməyi proqnozlaşdırırlar VİDEO

Masallı, 19 avqust, İsmayıl Cəfərli, AZƏRTAC

Məhsuldarlığı və gəlirliliyi ilə seçilən çəltikçilik Masallıda ənənəvi təsərrüfat sahələrindən biridir. Ağır əl əməyi tələb edən bu təsərrüfat sahəsi uzun müddət rayonda tənəzzül dövrünü yaşayıb.

AZƏRTAC xəbər verir ki, məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi - fermerlərə subsidiyaların verilməsi, gübrələrin və texnikaların güzəştli şərtlərlə satılması rayonda çəltikçiliyin dirçəldilməsi üçün geniş imkanlar açıb.

Təsərrüfatçı Teyyub Kərimov bildirib ki, bu il Masallı rayonunda 128 hektaradək sahədə çəltik əkilib: “Əsasən məhsuldar “Apollo”, “Okean” və “Haşimi” növlərinə üstünlük verilib. Sahələrdə vaxtında bütün lazımi aqrotexniki işlər görülüb, zərərvericilərə qarşı tədbirlər aparılıb. Bundan başqa, çəltik əkini zamanı əkinçilər su sarıdan heç bir əziyyət də çəkməyiblər”.

Masallı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Hasil Hüseynov isə diqqətə çatdırıb ki, son illər Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı böyük işlər görülür. Kənd təsərrüfatının ayrı-ayrı sahələri inkişaf edir, meliorativ tədbirlər həyata keçirilir, su təchizatı yaxşılaşdırılır.

Çəltiyin su tələb edən bitki olduğunu vurğulayan H.Hüseynov bu sahələrin kifayət qədər su ilə təmin edildiyini bildirib: “Bunun sayəsində ciddi məhsul artımı müşahidə olunur. Masallı təsərrüfatçıları bu il sahələrdən bol məhsul götürməyi proqnozlaşdırırlar. Ölkəmizdə istehsal olunan məhsullar yüksək keyfiyyətə malik olduğuna görə xaricdə ona tələbat da artır və daha çox məhsul ixrac edilir. Bu, ölkəmizin ixrac potensialını yüksəldir, fermerlərin daha çox qazanc əldə etməsinə səbəb olur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.