REGİONLAR
Masallıda “Ailə məktəbi - valideynlərin iştirakı ilə psixososial durumun yaxşılaşdırılması” layihəsinin icrasına başlanılıb
Masallı, 20 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunun Banbaşı kənd tam orta məktəbində Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin qalibi olmuş “Ailə məktəbi-valideynlərin iştirakı ilə psixososial durumun yaxşılaşdırılması” layihəsinin icrasına başlanılıb.
Layihə rəhbəri Pərvin Hüseynovanın AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, layihənin məqsədi Masallı rayonunun 5 məktəbində ibtidai siniflərin valideynlərini təlimatlandırmaq vasitəsilə valideyn və məktəb arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində model yaratmaqdır.
Layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub, idarəetmə komandası formalaşdırılıb, məktəb rəhbərliyi və valideynlər üçün layihə barədə təqdimatlar təşkil edilib.
Valideynlər tərəfindən məktəbdə ideyalar icra olunduqdan sonra “Ailə məktəbi”ndə iştirak ilə bağlı valideynlərin seçiminə start veriləcək. Seçimdən sonra valideynlər dördgünlük “Ailə məktəbi” təlimlərinə cəlb olunacaqlar.
Layihənin icrası dekabrın 15-dək davam edəcək.