REGİONLAR
Masallıda “Arzuma çatdım...” filminin təqdimatı keçirilib
Masallı, 10 iyun, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Famil Əlizadənin xatirəsinə həsr olunmuş “Arzuma çatdım...” sənədli filminin təqdimatı keçirilib.
Pandemiya qaydaları gözlənilməklə keçirilən təqdimat mərasimində Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları, şəhidin ailə üzvləri, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdimatdan öncə torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
"Nur" studiyası və Masallı Regional Mədəniyyət İdarəsi Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin birgə layihəsi çərçivəsində hazırlanan filmdə Famil Əlizadənin həyatı və şərəfli döyüş yolu barədə yaxınları, ziyalılar və doğulduğu Ərkivan qəsəbə sakinlərinin xatirələri yer alıb.
Filmdə canlandırılan hər bir epizod Famil Əlizadənin hünər və şücaəti barədə tamaşaçıda aydın təsəvvür yaradır.
Çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, şəhidin atası Habil Rəhimov filmin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Famil Habil oğlu Əlizadə 1999-cu il mayın 3-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 2016-cı ildə Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbini bitirən F.Əlizadə təhsilini 2 nömrəli Bakı Peşə Liseyində davam etdirərək, elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru peşəsinə yiyələnib.
O, 2017-ci ilin iyulunda hərbi xidmətə çağırılıb, 2019-cu ilin yanvarında ordudan tərxis olunub.
Famil Əlizadə Vətən müharibəsi başlanan gündən könüllü olaraq döyüşlərə qatılıb. O, Füzuli rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Yuxarı Əbdürrəhmanlı kəndinin işğaldan azad edilməsində şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlib.
Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
İgid döyüşçü subay idi. O, 2020-ci il oktyabrın 22-də doğulduğu Ərkivan qəsəbəsinin Bağlakücə qəbiristalığında torpağa tapşırılıb.