REGİONLAR
Masallıda Beynəlxalq Əlillər Günü qeyd olunub
Masallı, 3 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 3-də Masallı şəhərində Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amili dayanır. Dövlətimizin başçısı əlillərin ehtiyaclarına və problemlərinə, onların cəmiyyətə tam qovuşması üçün maksimum əlverişli şərait yaradılmasına daim diqqət yetirir.
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, ölkəmizdə sosial cəhətdən həssas qruplarla bağlı mühüm proqramların geniş miqyas aldığını vurğulayan Ş.Məmmədov bu cür tədbirlərin əlilliyi olan şəxslərə böyük stimul verdiyini diqqətə çatdırıb.
O, bu işlərin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edərək, Ulu Öndərin Azərbaycanda yenidən hakimiyyətə qayıtması ilə əlillərin sosial müdafiəsinin, onların həyatına, sağlamlığına dövlət dəstəyinin sosial siyasətdə əsas məsələyə çevrildiyini diqqətə çatdırıb.
Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Cəmiyyətinin sədri Nahid Rəhimov, Əlil Qadınlar Cəmiyyəti Masallı rayon şöbəsinin sədri Əminə Abıyeva, Masallıdakı “ASAN xidmət” mərkəzinin əməkdaşı, əlil İlahə Əlibəyli, Masallının "Günərzi" Mərkəzinin əlili Rəna İsayeva və başqaları çıxış edərək əlillərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Çıxış edənlər hər il bu kateqoriyadan olan vətəndaşların pensiya və müavinətlərinin artırılması, onların sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ölkəmizdə ardıcıl tədbirlərin həyata keçirildiyini, rayonda yaşayan əlillərin sosial problemlərinin həllinə diqqətin artırıldığını vurğulayıblar.
Diqqətə çatdırılıb ki, Masallı rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 76 mənzilli üç yaşayış binası tikilərək istifadəyə verilib, həmçinin fərdi evlər inşa olunub və bu iş davam etdirilir.
Beynəlxalq Əlillər Gününə həsr edilmiş tədbir rayonun incəsənət ustalarının çıxışı ilə davam etdirilib.