REGİONLAR
Masallıda COVID-19 pasportu olmayan sürücülərlə bağlı reyd keçirilib
Masallı, 24 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizdə koronavirus infeksiyası ilə mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq oktyabrın 1-dən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması ilə məşğul olan, o cümlədən taksi sürücülərindən ikinci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunur.
Qeyd edilən qaydalara əməl olunmasına nəzarəti gücləndirmək məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı rayonunda COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər və qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərlə bağlı reyd keçirilib.
Reyd zamanı COVID-19 pasportu olmayan sürücülər və qapalı məkanlarda tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər aşkarlanıb. Polis əməkdaşları tərəfindən sürücülərə və vətəndaşlara xüsusi karantin rejiminin tələbləri ilə bağlı tövsiyələr verilib.
Qaydalara əməl etməyən sürücülər və vətəndaşlara xəbərdarlıq edilməklə, onlar barəsində qanunamüvafiq tədbirlər görülüb.