REGİONLAR
Masallıda Dövlət Bayrağı və Konstitusiya günləri qeyd olunub
Masallı, 10 noyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Bayraq Meydanında Dövlət Bayrağı və Konstitusiya günlərinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbirində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayon sakinlərini əlamətdar günlər münasibətilə təbrik edib.
Qeyd olunub ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız ilk dəfə 1990-cı ildə Naxçıvanda dalğalanıb, 1991-ci ildə isə Azərbaycan Respublikası Ali Soveti tərəfindən dövlətin əsas atributu kimi qəbul edilib.
R.Hüseynov Ulu Öndərin təməlini qoyduğu dövlətçilik ənənələrinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, hər il noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.
O, çıxışında, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsindən, Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyasından danışıb.
Bildirilib ki, 1996-cı il fevralın 6-da ümummilli lider Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, hər il noyabrın 12-nin Konstitusiya Günü kimi qeyd edilməsi ölkəmizin Əsas Qanununa hörmət və ehtiramın nümunəsidir.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxışında qeyd edib ki, hər bir dövlətin bayrağı həmin ölkənin, millətin kimliyini, milli-dini mənsubiyyətini, hansı amallar uğrunda mübarizə apardığını ifadə edən xüsusi qürur mənbəyidir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs Azərbaycanın üçrəngli bayrağının dünyanın ən aparıcı tribunalarında, ən ali tədbirlərində dalğalanmasını təmin edib.
YAP Masallı Rayon Təşkilatı Qadınlar Şurasının üzvü Lətifə Qənbərzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşı Ülvi Hüseynli və başqaları çıxışlarında qeyd ediblər ki, dövlət rəmzlərinin yaradılması, formalaşması və geniş ictimaiyyət tərəfindən mənimsənilməsi ümummilli lider Heydər Əliyevin gərgin əməyi və məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olub.
Çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində milli bayrağımız tezliklə işğal altında olan doğma yurdumuzda, Qarabağda dalğalanacaq.
Bayram tədbirində Masallı Mədəniyyət Mərkəzinin solistlərinin, “Masallı” rəqs qrupunun, Masallı Dövlət Regional Kollecinin tələbələrinin və “Viləş” uşaq bağçasının fidanlarının çıxışları maraqla qarşılanıb.