REGİONLAR


Masallıda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi davam edir

Bakı, 25 may, AZƏRTAC

Masallı rayonunda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi ilə bağlı maarifləndirmə işlərinə start verilib. Rayonun Xırmandalı, Həsənli və Təzə Alvadı kəndlərində fermerlərin EKTİS sisteminə qeydiyyatı prosesinə səyyar “ASAN xidmət” avtobusu cəlb olunub.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin əməkdaşları, Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri fermerlərə öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil etmək üçün informasiya-məsləhət xidməti göstərirlər. Bundan başqa, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində və Masallı “ASAN xidmət” mərkəzində EKTİS-in tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb. Fermerlər bu pəncərələrə yaxınlaşaraq yeni sistemdə qeydiyyatdan keçmək üçün məsləhət xidməti alırlar. Könüllülər fermerlərə EKTİS-də şəxsi kabinet yaratmaq və məlumatları ardıcıl şəkildə sistemə daxil etməkdə köməklik göstərir.

Masallıda EKTİS-in tətbiqi ilə bağlı maarifləndirmə işləri çərçivəsində ilk iki gündə 1000-dən artıq fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları sistemə daxil ediblər.

Qeyd edək ki, mayın 25-dək ölkə üzrə 250 mindən artıq fermer EKTİS-də qeydiyyatdan keçib. EKTİS-də qeydiyyatdan keçənlər arasında Sabirabad, Şəki, Biləsuvar, Zaqatala və Cəlilabad rayonlarından olan fermerlər üstünlük təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.