REGİONLAR
Masallıda Gənclər və İdman Nazirliyinin yaranma gününə həsr olunmuş tədbir keçirilib
Masallı, 26 iyul, Bağır Əliyev, AZƏRTAC
İyulun 26-da Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gənclər evi” sosial xidmət müəssisəsində COVID-19 pandemiyasına qarşı əsas müdafiə tədbirləri nəzərə alınmaqla Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranma gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oqtay Mütəllimov bildirib ki, 27 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin Fərmanına əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılıb.
Qeyd olunub ki, 1996-cı ildə Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 1997-ci ildə 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, çoxsaylı Dövlət proqramlarının qəbulu, 1999-cu ildə Dövlət Gənclər Siyasəti haqqında Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Qanunun qəbul edilməsi ulu öndər Heydər Əliyevin gənclərə böyük qayğısının sübutudur.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 2007-ci ili “Gənclər ili” elan etməsi gənclərin ölkə həyatında fəallığını xeyli artırıb.
Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bölgələrdə Olimpiya komplekslərinin açılması, Azərbaycanın nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiadalarda, dünya çempionatlarında uğurla çıxış etməsi buna əyani sübutdur.
Tədbirdə Masallı Rayon Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədr müavini Birinci Qarabağ və Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit Camaləddin Məmmədov, idmançı qazi Tosif Hüseynov çıxış edərək keçdikləri döyüş yolundan danışıblar, hər zaman Vətənin müdafiəsinə hazır olduqlarını bildiriblər.
Rayon Uşaq-Gənclər İdman Şahmat məktəbinin direktoru Əlfağa Yaqubov, Əməkdar məşqçi Xanağa Quliyev, məşqçi-müəllimlərdən Sadiq Ağayev , Qismət Əkbərov, Ramik Məmmədov, Ramil Həsənov, idmançılardan Rahid Vəliyev və Heydərəli Quliyev çıxış edərək gəncləri əlamətdar gün münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıblar.
Tədbirin sonunda bir qrup məşqçi-müəllimə və idmançılara Masallı Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları təqdim olunub.