MƏDƏNİYYƏT
Masallıda III Beynəlxalq folklor festivalının yekun konserti olmuşdur VİDEO
Masallı, 16 iyun (AZƏRTAC). Masallı şəhərindəki Heydər Əliyev parkında ümummilli lider Heydər Əliyevin 91-ci ildönümünə həsr olunmuş III Beynəlxalq folklor festivalının yekun konserti olmuşdur.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin, Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən və üç gün davam edən festivalın yekun tədbirində Azərbaycan ilə yanaşı, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Latviya və Litvadan gəlmiş folklor kollektivləri istedad və bacarıqlarını nümayiş etdirmişlər.
Konsertdə Masallı rayonunun “Halay” və “Həcər”, Ağcabədi rayonunun folklor kollektivlərinin, Türkiyənin, Rusiyanın, Gürcüstanın, Latviyanın rəqs qruplarının, İran İslam Respublikasının “Araz” aşıqlar və “Cahan” rəqs qruplarının çıxışları tamaşaçılar tərəfindən böyük hərarətlə qarşılanmışdır.
Mərasimdə yaddaqalan məqamlardan biri də Masallı rayonunun nağaraçılar və rəqs qrupları ilə gürcüstanlı qonaqların birgə hazırladıqları təqdimat olmuşdur.
III Beynəlxalq Folklor Festivalında iştirak etmiş bütün kollektivlərə diplomlar, Azərbaycanın qədim tarixini və mədəniyyətini əks etdirən xatirə hədiyyələri təqdim edilmişdir.
Mərasimin sonunda parkda bayram atəşfəşanlığı olmuşdur.