REGİONLAR
Masallıda Milli Qəhrəman Elşad Hüseynovun xatirəsi anılıb
Masallı, 10 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunun Xıl kəndində Milli Qəhrəman Elşad Hüseynovun doğum günü ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın kənd qəbiristanlığındakı məzarı önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Anım mərasimi Elşad Hüseynovun Xıl kəndinin mərkəzində ucaldılmış büstü önündə davam edib.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova ölkəmizdə Milli qəhrəmanlara, torpaqlarımız uğrunda şəhid olanların ailələrinə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, Elşad Hüseynovun anım və doğum günlərinin hər il qeyd edilməsi, onun xatirəsinin əbədiləşdirilməsi bu qayğının bariz nümunəsidir.
Masallılıların Milli Qəhrəmanın göstərdiyi igidlikdən qürur hissi keçirdiyini vurğulayan A.Qafarova gəncləri Elşad Hüseynov kimi vətənpərvər olmağa çağırıb.
A.Qafarova Elşad Hüseynovun Qarabağ müharibəsində göstərdiyi şücaətdən, onun döyüş bacarığından söz açaraq, erməni işğalçıları tərəfindən zəbt olunmuş torpaqlarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə geri qaytarılacağı və şəhidlərimizin qisasının alınacağı günün uzaqda olmadığını bildirib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin zabiti Babək Hacıyev, “Yeni həyat” qəzetinin baş redaktorunun müavini Rəsul Rzayev, şair Tahir Hüseynli Milli Qəhrəmanın döyüş yolundan danışaraq, onun mənalı ömür yolunu gənclərə örnək olduğunu diqqətə çatdırıblar.
Tədbirdə Xıl kənd tam orta məktəbinin şagirdlərinin ifasında hərbi-vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Mərasimdə Milli Qəhrəmanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunulub.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynov 1960-cı il oktyabrın 8-də Masallı rayonunun Xıl kəndində anadan olub. O, 1979-1981-ci illərdə Gürcüstanın Batumi şəhərində hərbi xidmətini başa vurduqdan sonra Bakı şəhərində milis nəfəri kimi işə qəbul olunub. Ermənilərin torpaqlarımıza qarşı əsassız iddiaları nəticəsində yaranan müharibə Elşad Hüseynovu cəbhəyə yollanmağa vadar edir.
Onun ilk döyüşü 1991-ci ildə Füzuli və Tərtər bölgələrində olub. Elşad Hüseynov Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşub. 1992-ci il iyunun 15-də döyüşçülərimizə Fərrux kəndini düşməndən azad etmək tapşırığı verilmişdi. Səhər tezdən Ağdam istiqamətində döyüşə atılan polis cəngavərləri kəndin içinə doğru irəliləyirdilər. Elşad həmişə olduğu kimi, yenə də döyüşün ən qızğın yerində idi. O, cəsarəti ilə döyüş yoldaşlarına mənəvi qüvvə verirdi. Lakin bu döyüş onun üçün sonuncu oldu.
1992-ci il oktyabrın 8-də Elşad Eynulla oğlu Hüseynov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Masallı şəhərinin küçələrindən birinə onun adı verilib.