REGİONLAR


Masallıda Milli Qəhrəman Səfəralı Məmmədovun xatirəsi anılıb

Masallı, 17 fevral, Bağır Əliyev, AZƏRTAC

Masallıda Milli Qəhrəman Səfəralı Məmmədovun xatirəsi igid döyüşçünün böyüyüb boya-başa çatdığı Sərçuvar kəndində, adını daşıdığı məktəbdə anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, rayon təhsil şöbəsinin müdir müavini Samit İslamov, Sərçuvar kənd tam orta məktəbinin direktoru Zayid Məmmədov, Milli Qəhrəmanın döyüşçü dostları Tapdıq Abbasov, Hafis Zamanov, Elxan Əliyev, Taleh Qarayev və başqaları Səfəralı Məmmədovun döyüş yolundan danışıblar.

Qeyd olunub ki, S.Məmmədov Minsk şəhərində hərbi xidmət keçdikdən sonra Krasnodar şəhərində daxili işlər orqanlarında işləyib, Bakı Xüsusi Orta Milis Məktəbində (indiki Polis Akademiyası) qiyabi təhsil alıb.

Vətənə qayıdan S.Məmmədov Ağdam Rayon Daxili İşlər Şöbəsində post-patrul xidmətində vzvod komandiri təyin edilib və ilk gündən döyüş meydanına atılıb. Onun əməliyyatları uğurla keçirdi. Fərruxda, Ağbulaq fermasında, Qarakənddə neçə-neçə erməni hərbçini girov götürmüşdü.

1992-ci il fevralın 16-da azğınlaşmış ermənilər Xocavənd rayonunun Qaradağlı kəndində görünməmiş vəhşiliklər törədəndə Səfəralının başçılıq etdiyi dəstə çoxlu erməni yaraqlısı və hərbi texnikasını məhv etdi. Bu döyüşdə Səfəralı da qəhrəmancasına həlak oldu. O, Sərçuvar kəndində dəfn olunub. Masallı şəhərindəki küçələrdən biri Milli Qəhrəmanın adını daşıyır.

Anım tədbirində Masallı Dövlət Regional Kolleci tələbələrinin və “Viləş” uşaq bağçasının fidanlarının ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.