REGİONLAR
Masallıda “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” mövzusunda tədbir keçirilib
Masallı, 20 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 19-da Masallı şəhərindəki Gənclər Mərkəzində “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirib ki, tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərin səmərəliyini artırmaq, Milli Qəhrəmanlarımız, hərb tariximiz, döyüş ənənələrimiz haqqında onları məlumatlandırmaqdır.
Diqqətə çatdırılıb ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə keçirilib.
Maarifləndirmə tədbirində çıxış edən Qarabağ qazisi, ehtiyatda olan zabit Cəmaləddin Məmmədov döyüş yolundan, Azərbaycan Ordusunun qüdrətindən, ordudakı ruh yüksəkliyindən danışaraq əsgərlərimizin işğal altında olan ərazilərimizi azad etməyə hər an hazır olduqlarını bildirib.