REGİONLAR


Masallıda Vaqif Yusiflinin 70 illik yubileyi qeyd olunub

Masallı, 26 iyun, Bağır Əliyev, AZƏRTAC

Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Xalq Yazıçısı, Milli Məclisin deputatı Elmira Axundovanın təşəbbüsü və rayon icra hakimiyyətinin təşkilatçılığı ilə tanınmış tənqidçi-yazar, Əməkdar Mədəniyyət İşçisi, filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin 70 illik yubileyi qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində Vaqif Yusiflinin kitablarından ibarət sərgi ilə tanış olublar.

Yubiley tədbirində akademik Nizami Cəfərov, professorlar Qəzənfər Paşayev, İmamverdi Həmidov, Şirindil Alışanlı və Rüstəm Kamal, Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, rayon təhsil şöbəsinin nümayəndələri, Azərbaycan Yazıçılar Birliyinin Masallı rayonundan olan gənc yazarlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edənlər Vaqif Yusiflinin yaradıcılığından, onun Azərbaycan ədəbiyyatına töhfələrindən, tənqidçinin ədəbi-bədii üslubundan söz açıb, ona ən xoş arzularını və təbriklərini çatdırıblar.

Qeyd olunub ki, 1948-ci ildə Masallı rayonunun Ərkivan kəndində dünyaya göz açmış V.Yusifli Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb. O, 1968-ci ildən dövri mətbuatda çıxış edir. 1979-cu ildə namizədlik, 2011-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Uzun müddət “Azərbaycan” jurnalının tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri işləyib, 1997-ci ilin noyabrından həmin jurnalın baş redaktor müavinidir.

Diqqətə çatdırılıb ki, V.Yusifli 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onun ədəbiyyatın müxtəlif problemlərinə həsr olunmuş 1000-dək məqaləsi Azərbaycanın hüdudlarından kənarda - Türkiyədə və Almaniyada çap olunub.

Yubilyara Masallı Rayon Ağsaqqallar Şurasının fəxri diplomu təqdim edilib.

Tədbirdə Prezident İlham Əliyevin Sərəncamı ilə Elmira Axundovanın “Xalq Yazıçısı” fəxri adına layiq görülməsi də xatırladılıb. Çıxış edənlər Elmira Axundovanı yüksək fəxri ad alması münasibətilə təbrik edib, onun yazdığı çoxcildli kitablara diqqət çəkərək, Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinin dövlət və xalq tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıblar.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov hər iki yazara qiymətli hədiyyələr təqdim edərək, onlara ən xoş arzularını çatdırıb.

Mərasimdə musiqili ədəbi-bədii kompozisiya və videoçarxlar nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.