REGİONLAR
Masallıda Xocalı soyqırımına həsr olunmuş onlayn rəsm müsabiqəsinə yekun vurulub
Masallı, 23 fevral, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda keçirilən onlayn rəsm müsabiqəsinə yekun vurulub.
Müsabiqənin keçirilməsində əsas məqsəd Xocalı faciəsinin acı nəticələrini yeniyetmə və gənclərin diqqətinə çatdırmaq, eyni zamanda, onların bədii yaradıcılıq potensialını üzə çıxarmaq və inkişaf etdirməkdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 12 gün davam edən onlayn müsabiqəyə 100-ə yaxın rəsm təqdim olunub. Yeniyetmə və gənclər rəsmlərdə ermənilərin Xocalı sakinlərinə qarşı törətdikləri vəhşilik və soyqırımını rəngli boyalarla əks etdiriblər.
Onlayn rəsm müsabiqəsinin yekun nəticələrinə əsasən Həcər Məmmədova birinci, Gülər Ağayeva ikinci, Zeynəb Əhmədova üçüncü yerlərə layiq görülüblər.
Müsabiqədə fərqləndiyinə görə isə Əlisa Babayev, Ülkər Hacıyeva, Şəfa İbadova, Fatimə Zəkiullazadə diplomlarla mükafatlandırılıblar.
Qaliblərə xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Masallı Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.