REGİONLAR
Masallıda “Yerli istehsal ərzaq təhlükəsizliyinin təminatıdır” mövzusunda təlim məşğələ keçirilib
Masallı, 24 avqust, Bağır Əliyev, AZƏRTAC
Avqustun 24-də Masallı şəhərindəki Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılan “Kənd təsərrüfatı məhsullarının istehsalında stimullaşdırıcı tədbirlərin təşkili” layihəsi çərçivəsində seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, “Şəfəq” Ekoturizm İctimai Birliyinin təşkilatçılığı ilə “Yerli istehsal ərzaq təhlükəsizliyinin təminatıdır” mövzusunda keçirilən təlim məşğələsində sahibkarlar və bələdiyyə işçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən layihənin rəhbəri, “Şəfəq” Ekoturizm İctimai Birliyin sədri Vamiq Babayev layihənin məqsəd və vəzifələrindən danışıb.
Layihə üzrə ekspert Balayar Şahbazov “Müasir dövrdə yerli istehsal zamanı yaranan problemlər və bu problemlərin qarşısının alınması” mövzusunda məruzə edib.
B.Şahbazov yerli istehsal prosesində məhsuldarlığın və məhsulun keyfiyyətinin artırılması üçün torpaq, iqlim şəraitinin, eləcə də yerli istehsalın sosial problemlərin həllindəki rolundan danışıb.
Seminarda ekspert Elvin Nemətli, Masallı Rayon Gigiyena və Epidemologiya Mərkəzinin direktoru Rəhman Muxtarlı, rayon statistika idarəsinin sektor müdiri Aydın Nurəliyev və digərlərinin mövzu ilə bağlı çıxışları dinlənilib, müzakirələr aparılıb.