MƏDƏNİYYƏT
Masallıda "Leyli və Məcnun" tamaşasının virtual təqdimatı olub
Masallı, 14 aprel, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq Teatrının kollektivi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasının motivləri əsasında hazırlanmış eyniadlı virtual tamaşa-kompozisiyanı təqdim edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Nizami Gəncəvi İli" çərçivəsində hazırlanmış tamaşada teatrın kollektivi ilə yanaşı, rayonun Dəmirçi kənd tam orta məktəbinin bir qrup istedadlı şagirdi də rol alıb.
Kompozisiyada saf, ülvi hisslər, dövrün əxlaq normaları, valideyn-övlad münasibətləri məktəblilərin ifasında bədii-yaradıcı üsullarla təsvir olunub.
Tamaşa-kompozisiyanın ərsəyə gəlməsində teatrın kollektivi, eləcə də adıçəkilən təhsil müəssisəsinin rəhbərliyi, müəllim və şagirdləri yaxından iştirak ediblər.
Tamaşaya istedadlı gənc prodüser Mərhəmət Lələyev quruluş verib.