REGİONLAR
Masallıda ağır yol-nəqliyyat hadisəsi zamanı ana və oğul ölüb
Masallı, 29 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 29-da səhər saatlarında Ələt-Astara magistral yolunun Masallı rayonunun Sərçuvar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, Beyləqan rayon sakini 37 yaşlı Mehdi Hüseynovun idarə etdiyi “Mercedes” markalı yük avtomaşını ilə Masallı rayonunun Xıl kənd sakini 29 yaşlı Elmin Bayramovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşın toqquşub.
Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü Elmin Bayramov və anası 51 yaşlı Rehanə Bayramova hadisə yerində dünyasını dəyişib. Onların cəsədləri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sıxılmış avtomaşından çıxarılıb.
Hadisə zamanı dünyasını dəyişmiş Rehanə Bayramovanın digər oğlu - 26 yaşlı Mahir Bayramov, “Mercedes” markalı yük maşınının sürücüsü Mehti Hüseynov və sərnişin 36 yaşlı Bəhruz Qafarov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan Mahir Bayramovun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.