REGİONLAR
Masallıda akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü qeyd edilib
Masallı, 27 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 27-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən ümumrayon tədbirində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi ilə tanış olub, onun ömür yolunu əks etdirən videoçarxa baxıblar.
Tədbirdə qeyd olunub ki, görkəmli oftalmoloq, gözəl insan, vəfalı ömür-gün yoldaşı, fitri istedada malik novator alim Zərifə Əliyevanın keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat, mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Masallı Rayon Mərkəzi Xəstəxanasının oftalmoloq həkimi Gülnarə Məmmədovanın akademik Zərifə Əliyevanın ömür yolu barədə məruzəsi dinlənilib.
Məruzə ətrafında çıxışlarda "Masallı ziyalıları" İctimai Birliyinin sədri Qardaş Fətullayev, Qızılavar kənd tam orta məktəbin direktoru Lətifə Qənbərzadə, Milli Oftalmologiya Mərkəzi Masallı rayon filialının oftalmoloqu Orxan Güllərov və başqaları çıxış edərək, Zərifə Əliyevanın keçdiyi zəngin həyat yolundan, onun pedaqoji və həkimlik fəaliyyətindən danışıblar.
Tədbirdə Masallı Dövlət Regional Kollecinin tələbələrinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib, akademik Zərifə Əliyevaya həsr olunmuş şeirlər səsləndirilib.