CƏMİYYƏT
Masallıda antisanitar şəraitdə pendir istehsal edən sex aşkarlanıb
Bakı, 9 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinə Masallı rayonu, Qəriblər kəndində antisanitar şəraitdə pendir istehsal edilməsi ilə əlaqədar şikayət daxil olub və həmin şikayət əsasında agentliyin əməkdaşları tərəfindən monitorinq keçirilib.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinq zamanı həmin ərazidə fəaliyyət göstərən heyvandarlıq təsərrüfatının yaxınlığında qanunsuz pendir istehsalı ilə əlaqədar məlumatlar öz təsdiqini tapıb.
Aparılan ilkin baxış zamanı qanunsuz fəaliyyət göstərən sexdə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub. İstehsal sahəsində 500 kiloqram pendir, yarımfabrikat məhsullar, həmçinin sexin anbarında pendirin yağlılığını süni şəkildə artırmaq məqsədilə istifadə edilən bitki yağları aşkar edilib.
Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Müəssisənin fəaliyyəti isə qanunvericiliyin tələblərinə uyğun olaraq müvəqqəti olaraq məhdudlaşdırılıb.
Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görüləcək.
Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi sahəsində nəzarət tədbirlərini davam etdirir. Agentlik vətəndaşlardan xahiş edir ki, istehlakçı hüquqlarının pozulması hallarına biganə qalmasınlar və əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında həyata keçirilən nəzarət tədbirlərində yaxından iştirak etsinlər.
Agentlik vətəndaşlardan qida sahəsində üzləşdikləri neqativ hallarla əlaqədar məlumatları olduqda 1003 nömrəli "Çağrı mərkəzi”nə zəng edib məlumat verməyi xahiş edir.