REGİONLAR


Masallıda arıçılara subsidiyaların verilməsinə başlanılır

Masallı, 9 dekabr, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizdə aqrar sahədə arıçılıq mühüm yer tutur. Kənd təsərrüfatının bu gəlirli sahəsinin inkişaf etdirilməsi üçün son illər ölkəmizdə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamında ölkəmizdə arıçılığın inkişafı ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sərəncamın icrası ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə subsidiyanın ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclasında hər arı ailəsinə 10 manat hesabı ilə 373 min 930 manat məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul edilib. İclasda subsidiya veriləcək rayonlar arasında Masallının da adı vardır.

Masallıda ilkin mərhələdə arıçılıqla məşğul olan 90 nəfərə 2244 arı ailəsi üçün 22 min 440 manat məbləğində subsidiya ayrılıb. Rayonun Hişkədərə kəndində 4, Miyankü kəndində 3, Ərkivan qəsəbəsində 18, Çaxırlı kəndində 14, Yeddioymaq kəndində 16, Sərçuvar kəndində 19, Gəyəçöl kəndində 11 və Səmidxan kəndində 5 ailə subsidiyadan yararlanacaq.

Masallıdakı arı ailələrinin və arıçıların uçotunun aparılması üçün 4 işçi qrupu yaradılıb. İşçi qrupları tərəfindən aparılmış monitorinqlər nəticəsində rayonda 9 mindən çox arı ailəsinin olduğu müəyyənləşib.

Qeyd edək ki, rayon üzrə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsinin (agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.