CƏMİYYƏT
Masallıda ata və oğula odlu silahdan atəş açaraq xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 30 iyul, AZƏRTAC
İyulun 29-da saat 13 radələrində Masallı rayonunun Əhmədli kənd sakinləri Vüqar İsmayılovun və atası Valeh İsmayılovun odlu silahdan atəş açılması nəticəsində xəsarətlər almalarına dair məlumat daxil olub.
Masallı Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırmalarla Əhmədli kənd sakini, 1966-cı il təvəllüdlü Hafiz Cəfərovun özünə məxsus təklüləli tüfənglə qonşuları Vüqar İsmayılova və Valeh İsmayılova şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı atəş açaraq xəsarətlər yetirməsi və bununla da onları qəsdən öldürməyə cəhd göstərməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hafiz Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.