REGİONLAR


Masallıda aztəminatlı ailələrdən olan məktəbli qızlar üçün maarifləndirici və sosial dəstək tədbirləri təşkil edilib

Masallı, 11 noyabr, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə Masallı rayonunda fəaliyyət göstərən “Ümidim Sənsən” Sosial İnkişafa Yardım İctimai Birliyi “Aztəminatlı ailələr arasında “Erkən nikah çarə deyil!” adlı fərdi maarifləndirmə işinin aparılması və sosial dəstəyin göstərilməsi” adlı layihə çərçivəsində maarifləndirici və sosial tədbirləri təşkil edilib.

Birliyin sədri Fidan Abbaslı AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, layihə üzrə tədbirlər nəzərdə tutulan bütün parametrlərə uyğun şəkildə uğurla icra edilib. Ölkəmizdə, eləcə də Masallı rayonunda geniş yayılan COVID-19 infeksiyası nəzərə alınaraq layihənin əsas hədəfləri saxlanmaqla bir sıra detalları pandemiya şəraitinə uyğunlaşdırılıb. Keçirilən fərdi görüşlərdə sanitar gigiyenik və epidemioloji vəziyyət nəzərə alınıb.

Diqqətə çatdırılıb ki, layihə çərçivəsində Masallı rayonunda hədəf kimi seçilmiş 5 fərqli istiqaməti üzrə-Ərkivan qəsəbəsi, Hışkədərə, Bədəlan, Çaxırlı, Qızılağac kəndlərinin hər birində erkən nikahla bağlı risk qrupuna daxil olan 4 ailə olmaqla cəmi 20 nəfər aztəminatlı ailələrdən olan məktəbli qızlar üçün məktəb geyimləri (kofta, ətək, kalqotka, corab, ayaqqabı və s), o cümlədən məktəb ləvazimatları ilə yanaşı, məktəbli çantaları alınaraq onlara təqdim edilib.

Layihə çərçivəsində, həmçinin həmin məktəbli qızlar və onların valideynləri üçün fərdi maarifləndirmə tədbirləri təşkil edilib.

Fərdi maarifləndirmə tədbirlərində təcrübəli ekspert, ABŞ, Polşa, Gürcüstan və digər ölkələrdə, eləcə də Azərbaycanın aparıcı QHT-lərinin tədbirlərində bu sahədə təcrübə qazanmış, erkən nikahlarla bağlı bir neçə yazı müsabiqənin qalibi olmuş tanınmış jurnalist Zahir Əmənov mövzu ilə bağlı məktəbli qızlar və valideynlərinə erkən nikahla bağlı bir sıra məsləhətlər verib, müzakirələr aparıb.

Tədbirlər keçirilən zaman erkən nikahın fəsadları konkret detalları ilə diqqətə çatdırılıb. Valideynlərə və tədbirə qatılan məktəbli qızlara tövsiyə edilib ki, öyrəndiklərini və bildiklərini ətrafındakı insanlara da çatdırsınlar.

Tədbirlərdə, həmçinin, istedadlı məktəbli qızlar müəyyənləşdirilərək, onların müxtəlif kurslara cəlb olunmasına köməklik göstərilib.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd vətəndaş məsuliyyətini artırmaqla “Erkən nikah” və onun cəmiyyətdə yaratdığı problemləri minimuma endirmək, eyni zamanda aztəminatlı ailələrdən olan qız övladlarının təhsil almasına marağının artırılmasına dəstək olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.