REGİONLAR
Masallıda baharın gəlişi böyük sevinclə qeyd olunub
Masallı, 17 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 16-da Masallı şəhərinin mərkəzi meydanında Novruz bayramına həsr olunmuş ümumrayon tədbirində baharın gəlişi böyük sevinclə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə xalq sənətkarlığı nümunələrindən ibarət sərgi və rayonun tarixini, etnoqrafiyasını əks etdirən eksponatlarla tanış olublar.
Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, eləcə də Dədə Qorqud və Bahar qız rayon sakinlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıblar.
Bayram tədbirində Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi, Əməkdar Mədəniyyət İşçisi Lətifə Mövsümovaya Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə təltif olunmuş “Tərəqqi” medalı təqdim edilib.
“Cəngi” musiqisinin sədaları altında bayram tonqalı yandırılıb. Milli paltar geyinmiş oğlanlar və qızlar tonqal ətrafında “Yallı” gediblər.
Bayram tədbirində rayonun bədii özfəaliyyət kollektivlərinin, idmançıların çıxışları, Novruzun personajları olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar maraqla qarşılanıb.