REGİONLAR
Masallıda bələdiyyələr seçicilərə hesabat verir
Masallı, 22 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Masallıda yerli özünüidarəetmə orqanları olan bələdiyyələr görülən işlər barədə seçicilərə hesabat verirlər.
AZƏRTAC xəbər verir ki, rayonun Səmidxanlı kəndində keçirilən yığıncaqda kənd bələdiyyəsinin sədri Şaban Mehtiyevin hesabat məruzəsi dinlənilib.
Qeyd olunub ki, Səmidxanlı bələdiyyəsi Birinci və İkinci Səmidxanlı, Ətcələr və Alışanlı kəndlərini əhatə edir. 2014-cü ildə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə Səmidxanlı bələdiyyəsinə 9 üzv seçilib. Hazırda isə bələdiyyədə 7 üzv, 2 bələdiyyə qulluqçusu fəaliyyət göstərir.
Bildirilib ki, kənd bələdiyyəsinin təşəbbüsü ilə yerli özünüidarəetmə orqanının əhatə etdiyi kəndlərdə bir sıra yerli əhəmiyyətli sosial layihələr həyata keçirilib.
Azərbaycan Hökuməti və Dünya Bankının təşəbbüsü ilə yaradılıb maliyyələşdirilən, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL-2) çərçivəsində bələdiyyənin əhatə etdiyi kəndlərdə daxili yollar təmir olunub, Ətcələr və Alışanlı kənd qəbiristanlıqlarında abadlıq işləri aparılıb, Birinci Səmidxanlı kəndində həkim məntəqəsi tikilib.
Yerli xeyriyyəçilərin və iş adamlarının köməyi ilə Birinci Səmidxanlı kəndinin qəbiristanlığında 2 talvar, Ətcələr məscidinin həyətində xeyir-şər evi inşa edilib, Alışanlı məscidinin dam örtüyü yenilənib. Birinci Səmidxanlı kəndindəki istirahət mərkəzində işlər davam etdirilir.
Diqqətə çatdırılıb ki, 2013-cü ildə asfaltlanmış Masallı-Səmidxanlı-Alışanlı yolunun “Azəravtoyol” ASC-nin balansına daxil edilməsi, ərazidə elektrik şəbəkəsinin yenilənməsi, kənd təsərrüfatı üzrə yeni əkinçilik strukturunun yaradılması, qanunsuz zəbt olunmuş bələdiyyə torpaqlarının geri qaytarılması qarşıda duran vəzifələrdəndir.
Hesabat yığıncağında çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Səmidxanlı bələdiyyəsinin bundan sonra da seçicilərin verdiyi tapşırıqların yerinə yetirilməsində, ərazinin sosial problemlərinin həll olunmasında fəallıq göstərəcəyinə əminliyini ifadə edib.
Köhnə Alvadı və Kolatan kəndlərində aparılan abadlıq işlərini, Ərkivan qəsəbəsində vaxtaşırı keçirilən xeyirxah aksiyaları qeyd edən R.Hüseynov bütün ərazilərdə bu təcrübədən, eləcə də imkanlı şəxslərin köməyindən, ağsaqqal nüfuzundan yararlanmağı tövsiyə edib, yerli əhəmiyyətli sosialyönümlü məsələlərin həllinin bələdiyyələrin əsas vəzifələrindən olduğunu diqqətə çatdırıb.