REGİONLAR
Masallıda bilik yarışı üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib
Masallı, 26 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki “ASAN həyat” kompleksinin ASAN İntellektual İnkişaf Mərkəzində “Nəsimi ili” çərçivəsində rayonun tam orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında keçirilən “Breyn-rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən və iki gün davam edən bilik yarışında Qəriblər kənd tam orta məktəbinin “Qəriblər” komandası birinci, Böyük Xocavar kənd tam orta məktəbinin “Massagetlər” komandası ikinci, Ərkivan qəsəbə 4 nömrəli tam orta məktəbin “Zəka” komandası üçüncü yerə layiq görülüb.
Qaliblərə kubok və diplomlar təqdim edilib.
Bilik yarışında fəallığına görə isə Miyənkü kənd tam orta məktəbinin “Venera” komandası xüsusi diplomla mükafatlandırılıb.
Qaliblərin mükafatlandırılması mərasimdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov mütəfəkkir şair İmadəddin Nəsiminin yaradıcılığı barədə danışaraq bildirib ki, Nəsimi Azərbaycan ədəbiyyatı tarixində özündən sonra zəngin irs qoyub. Dahi sənətkar insana, insan ləyaqətinə, onun qüdrətinə olan yüksək inamını tərənnüm edərək, şeirlərində insanı həyatın yaradıcısı, həyati gözəlliklərin əsl mənbəyi kimi vəsf edib.
Qeyd olunub ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində iz qoymuş İmadəddin Nəsiminin zəngin irsi bu gün də gənclərin mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.
Rayon Təhsil Şöbəsinin metodisti Abbas Abbaszadə çıxışında Nəsiminin Azərbaycanda fəlsəfi poeziyanın əsasını qoyanlardan biri olduğunu, ana dilində gözəl şeirlər yazdığını və buna görə də onun şeirlərinin həmişə dillər əzbəri olduğunu diqqətə çatdırıb.