REGİONLAR


Masallıda bu il 35 hektar sahədə tütün əkiləcək VİDEO

Masallı, 6 may, İsmayıl Cəfərli, AZƏRTAC

Son illər respublikamızda qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına böyük təkan verib. Hazırda tütünçülüyün inkişaf etdiyi bölgələrdən biri də Masallı rayonudur. Artıq rayonda 3-cü ildir tütün əkilir. 2018-ci ildə 35 hektardan 57 ton tütün yarpağı götürülüb. Bu il isə 37 hektar sahədə əkin aparılması nəzərdə tutulur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tütün əsasən rayonun Xırmandalı, Qızılağac, Səmidxan, Alvadı, Bədəlan, Xıl, Sərçuvar kəndlərində becərilir. Bu günədək 14 hektarda əkin aparılıb.

Əvvəllər tərəvəz əkini ilə məşğul olan fermer Əhməd Talıbov bu il ilk dəfə 1 hektar sahədə tütün əkir “Ötən ilə qədər bibər, badımcan, pomidor əkirdim. İndiyədək tütün əkməmişəm. Gəlirli sahə olduğuna görə bu ildən tütün əkməyə başlamışam. Bizə Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən şitillər Zaqataladan gətirilib. Dövlət dəstəyi olduğuna görə həvəslənib bu işi görürəm”, - deyə fermer bildirib.

Rayonda əsasən bölgənin iqliminə uyğun olan yerli “İmmonium” sortu əkilir. Kənd təsərrüfatı mütəxəssisləri də daim fermerlərin yanında olur, tövsiyələrini verirlər. Aqronom Fərasət Mikayılov deyib: “Cərgəarası 70-70-ə, bitkiarası 30-35 santimetr götürülür. “İmmonium” sortu bir az seyrək əkilir. Keçmişdə “Samsunq”, “Trabzon” sortu əkərdik. Məhsuldarlığı aşağı olardı. Bu şitillər yüksəkboylu olur, 2-2,5 metrədək qalxır. Həm yarpaqları zərifdir, həm də qurudulmaya qarşı davamlı bitkidir”.

Tütün suya tələbkar bitki olduğundan əkin su mənbələrinə, su kanallarına yaxın ərazilərdə aparılır. Ehtiyac olan ərazilərdə isə artezian quyuları qazılır. Əkin sahələrinin genişləndirilməsi iş prosesinə daha çox işçinin cəlb edilməsinə imkan verir. Bu da öz növbəsində kənd sakinlərinin məşğulluğunun təmin olunması deməkdir. Bu işdə fermerlərə Masallı DAİM yaxından kömək göstərir. Mərkəzdən verilən məlumata görə, 2017-ci ildə Masallıda 32,5 hektar sahədə tütün əkilib, 55 ton quru tütün təhvil verilib. Bu il rayonda 35 hektarda tütün əkilməsi qarşıya məqsəd qoyulub.

Tütün yığımına iyunun axırlarında başlanacaq. Tədarük edilən quru tütün Şəkidə qəbul məntəqəsinə təhvil veriləcək.

Rayonda tütünqurutma və tütün qəbulu məntəqələri yaradılarsa, əkin sahələrinin 400 hektara çatdırmaq da mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.