REGİONLAR
Masallıda çinar və tut ağacları əkilib
Masallı, 17 noyabr, Bağır Əliyev, AZƏRTAC
Noyabrın 17-də Ekologiya və Təbii Sərvətlər və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi ilə keçirilən ağacəkmə kampaniyasına Masallının təhsil müəssisələri də qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda ağacəkmə aksiyasına ilk başlayan Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri olub. Beş yüz nəfər aksiya iştirakçısı Viləş çayının sahilində onlar üçün ayrılan ərazidə 1000 ədədə qədər çinar və Çin Xalq Respublikasından gətirilmiş tut ağacı əkib.
Həmin gün rayonun Tüklə, Hişkədərə, Türkoba, Bədəlan, Qızılavar məktəbliləri də ağacəkmə aksiyasına qoşulublar.
Aksiya zamanı, həmçinin əvvəllər əkilmiş ağac və bəzək kollarına, yaşıllıqlara qulluq göstərilib, ərazidə səliqə-sahman yaradılıb.
Masallı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi İntiqam Bağırov bildirib ki, bu gün əkilən tut ağacları rayonda baramaçılığın inkişafına kömək olacaq. Bu məqsədlə Kənd Təsərrüfatı, Ekologiya və Sərvətlər nazirliklərinin xətti ilə rayona əlavə 40 min ədəd tut ağacı gətiriləcək.