REGİONLAR


Masallıda dəm qazından bir ailənin iki üzvü ölüb, birinin vəziyyəti isə ağırdır

Masallı, 6 fevral, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunun Boradigah qəsəbəsində dəm qazından Nurullayevlər ailəsinin iki üzvü ölüb, birinin vəziyyəti isə ağırdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı şəhərində yaşayan, 55 yaşlı Hənifə Nurullayev, onun həyat yoldaşı 45 yaşlı Elnurə Zülfüqarova və onların övladı 20 yaşlı Əli Nurullayev qəsəbədə olan evlərinə gəliblər. Ailənin üzvləri uzun müddət evdə yaşamadıqları üçün evi isitməkdən ötrü yolüstü İran İslam Respublikasının istehsalı olan qaz sobası alıblar. Sobanı evdə quraşdırıb, tüstü borusunu tüstü bacasına qoşaraq yatıblar. Evin tüstü bacasında quş yuva qurduğundan sobadan çıxan dəm qazı evə dolub. Nəticədə, ailə üzvləri boğulub.

Nurullayevlərin qəsəbəyə gəlişindən xəbər tutan qohumları günorta saatlarında onların mobil telefonlarına zəng ediblər. Telefona cavab verilmədiyi üçün evə gələrək, qonşuların köməyi ilə balkondan mənzilə daxil olublar. Evə daxil olduqda isə Hənifə Nurullayevanın və Elnurə Zülfüqarovanın öldüyü, Əli Nurullayevin isə vəziyyətinin ağır olduğu aşkarlanıb.

Əli Nurullayev Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata əsasən, 20 yaşlı gəncin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.