REGİONLAR
Masallı Rayon Heydər Əliyev Mərkəzində “Şuşa İli” ili çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə edilib
Masallı, 29 yanvar, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Heydər Əliyev Mərkəzində “2022-ci il Şuşa ilidir” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə mərkəzin əməkdaşları, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masada çıxış edən Masallı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva “Şuşa İli” ilə bağlı mərkəzdə icra ediləcək silsilə tədbirlər, sərgi və müsabiqələr barədə məlumat verərək, Qarabağın döyünən ürəyi olan Şuşa şəhərinin Azərbaycanın mədəni həyatındakı rolunu yüksək dəyərləndirib.
Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadə mövzu ilə bağlı məruzəsində bildirib ki, təməli 1752-ci ildə Qarabağ hakimi Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd edilən Şuşa şəhəri zəngin inkişaf yolu keçərək Azərbaycanın və ümumilikdə bütün Cənubi Qafqazın mədəni, ictimai-siyasi həyatında müstəsna rol oynayır.
Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri çıxışlarında Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin tarixi, təbiəti, abidələri və görkəmli şəxsiyyətləri barədə danışıblar.
Sonda tədbir iştirakçıları mərkəzin əməkdaşı Aqşin Quliyevin mövzu ilə bağlı hazırladığı videoçarxı izləyiblər.