REGİONLAR
Masallıda əhalinin su təminatı yaxşılaşdırılır
Masallı, 29 iyul, Bağır Əliyev, AZƏRTAC
Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı, əkin sahələrinin suvarılması üçün su bəndlərinin yaradılması ilə əlaqədar verdiyi Sərəncama uyğun olaraq Masallıda da 37 su bəndinin yaradılması və əsaslı təmiri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2018-ci ilin noyabr ayından indiyədək rayonda olan 30 sututarda tikinti və təmir işləri başa çatdırılıb.
Masallı rayonunda mövcud olan 25 min hektara yaxın əkin sahəsinin 17 min hektarı suvarılan torpaqlardır. Ərazidə əkinlərin suvarılması 46 milyon kubmetr su tutumu olan Viləşçay su anbarı və 3 milyon kubmetr su tutumu olan Babaser su anbarı vasitəsilə aparılır.
Lakin faktiki olaraq rayon üzrə 9892 hektar torpaq sahəsi (40 faiz) suvarma suyu ilə təmin edilir. Sahələrin 4500 hektarı qapalı şəbəkələr, 5392 hektarı isə açıq torpaq kanalları vasitəsilə suvarılır.
Ölkə başçısının göstərişi ilə hazırlanan yeni layihədə Viləşçay su hövzəsinin həcminin 132 milyon kubmetrə çatdırılacaq.
Su anbarının ikinci növbəsinin tikintisi ilə bəndin hündürlüyünün artırılması və digər tədbirlərin həyata keçirilməsi nəticəsində 20 min hektardan çox əkin sahələrinin suvarma suyu ilə təmin ediləcək.
Layihədən qonşu Cəlilabad və Neftçala rayonları da faydalanacaq.
Viləşçay Su Anbarının ikinci növbəsinin tikintisi nəinki Masallının, cənub bölgəsinin iqtisadiyyatına, o cümlədən kənd təsərrüfatının inkişafına böyük təkan olacaq.
Qeyd edək ki, 1986-cı ildən istifadəyə verilən, ərazisi 456 hektar təşkil edən su anbarı vasitəsilə hazırda 10 min hektara yaxın əkin sahələri suvarılır.
Cənub bölgəsində əkin sahələrinin artırılması və qonşu rayonlarda sahələrin suvarılması məqsədilə su anbarının ikinci növbəsinin tikilməsi nəzərdə tutulub.
Yeni layihəyə əsasən, su bəndinin hündürlüyü daha 16 metr qaldırılacaq.
Görülən tədbirlər Masallıda aqrar sahənin inkişafına böyük təkan verəcək, rayonda inkişaf etdirilməsi nəzərdə tutulan çəltik və tütün sahələrinin suvarılmasının həyata keçirilməsini, ümumiyyətlə, bütün kənd təsərrüfatı məhsullarının suvarılmasını təmin edəcək.