REGİONLAR


Masallıda əkin sahələrinin suvarılması üçün 38 milyon kubmetr həcmində su sərf olunub VİDEO

Masallı, 28 sentyabr, AZƏRTAC

Masallıda əkin sahələrinin suvarılması üçün 38 milyon kubmetr həcmində su sərf edilib.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, artıq Masallıda suvarma mövsümü geridə qalıb. Suvarma suyunun sahələrə maneəsiz verilməsi və izafi suları kənarlaşdırmaq üçün rayon ərazisində görülən işlər öz bəhrəsini verib. Masallı rayonunun 9892 hektar əkin sahəsinin suvarılması əsasən Viləşçay su anbarının suyu ilə təmin olunur. Əkin sahələrinə suyun çatdırılması üçün qapalı şəbəkələrdən və açıq torpaq kanallardan istifadə edilir. Sağ sahil beton kanal vasitəsilə 4530 hektar əkin sahəsi qapalı şəbəkə vasitəsilə suvarma suyu ilə təmin olunur.

Bu il Viləşçay su anbarında 46 milyon kubmetr həcmində su yığılıb. Əkin sahələrinin vaxtlı–vaxtında suvarılması nəticəsində fermerlər sahələrdən yüksək məhsuldarlıq əldə ediblər.

Əkin sahələrinin suvarılması ilə yanaşı, Viləşçay su anbarı vasitəsilə Masallı şəhəri, Masallı rayonun kəndləri və Cəlilabad şəhəri içməli su ilə təmin edilir. Hazırda kanallarda suvarma suyunun verilməsi dayandırılıb. Növbəti mövsümə hazırlıq işləri görülür. Kanallarda lildən təmizlənmə işləri aparılır.

Qeyd edək ki, Viləşçay su anbarının faydalı həcminin artırılması məqsədilə 2-ci növbəsinin tikilməsi nəzərdə tutulub. Prezidentin müvafiq Sərəncamına əsasən bu məqsədlə layihə işləri aparılır. Su anbarında suyun həcmi 128 milyon kubmetr sututumuna qabiliyyətinə malik olacaq. Bununla da Masallı rayonunda 17000 hektara yaxın əkin sahəsi suvarma suyu ilə təmin oluna biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.