CƏMİYYƏT
Masallıda erkən nikahların qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib
Bakı, 19 aprel, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə aprelin 19-da Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən Bələdiyyə binasında erkən nikahların qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Tədbirdə məktəb direktoru, şagird, müəllim və valideyn kollektivi, hüquq-mühafizə, səhiyyə işçiləri və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova və digərləri çıxış ediblər. Çıxışlarda erkən nikah və təhsildən yayınma halları, onların fəsadları, aradan qaldırılması yolları, narkomaniya və onun fəsadları, reproduktiv sağlamlıq, qadınlara qarşı zorakılıq, boşanma və aliment məsələləri, həmçinin məişət zorakılığına qarşı mübarizə yolları, bu sahədə mövcud yerli və beynəlxalq qanunvericilik Komitə və icra hakimiyyəti tərəfindən həyata keçirilən müvafiq layihələr barədə məlumat verilib.
Sonra erkən nikahlara həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.