REGİONLAR
Masallıda gənc çağırışçılarla görüş
Masallı, 4 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 4-də Masallı şəhərindəki Gənclər Mərkəzində Rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin birgə təşkilatçılığı və çağırışçı gənclərin iştirakı ilə “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu işinin uğurla davam etdirildiyini bildirib.
Rayonda çağırışçı gənclərin həqiqi hərbi xidmətə böyük həvəslə, ruh yüksəkliyi ilə yola düşdüyünü vurğulayan C.Manafov gənclərə hərbi xidmətdə olduqları müddətdə komandirlərin əmr və göstərişlərinə sözsüz əməl etməyi, hərbi texnikanın sirlərinə dərindən yiyələnməyi tövsiyə edib.
Tədbirdə Masallı Rayon Veteranlar Şurasının sədri Məmmədağa Şiriyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Nahid Rəhimov, “Tərəqqi Gəncliyin İnkişafı” İctimai Birliyinin sədri Raci Səfərov və başqaları çıxış ediblər.
Gənc çağırışçılar Vətənə xidmət edəcəklərindən qürur duyduqlarını və ən böyük arzularının işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu diqqətə çatdırıblar.
Sonda gənc çağırışçılara qiymətli hədiyyələr və Azərbaycanın dövlət bayrağı hədiyyə edilib.