REGİONLAR
Masallıda gənc könüllülərə sertifikatlar təqdim olunub
Masallı, 19 avqust, Bağır Əliyev, AZƏRTAC
Avqustun 19-da Masallı Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülərlə görüş olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov son illər ölkəmizdə könüllülük fəaliyyətinin geniş vüsət aldığını bildirib. Gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini vurğulayan R.Hüseynov, Azərbaycanın ev sahibliyi etdiyi irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimizin böyük uğura imza atmalarını dövlətimizin başçısının könüllülərin fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən könüllü gənclər rayon icra hakimiyyətində keçdikləri təcrübə barədə danışaraq onlara yaradılan şəraitə, diqqətə və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda Masallı Rayon İcra Hakimiyyətində təcrübə keçmiş könüllü gənclərə - Gülağa Məcidli, Murad Şirindilli, Murad Muradzadə və İlkin Niftiyevə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, fəaliyyətini başa çatdıran gənc könüllülər Masallı Rayon İcra Hakimiyyətində təcrübə keçən ikinci qrupdur.
Həmin gün könüllü gənclərin üçüncü qrupu təcrübə fəaliyyətinə başlayıblar.