CƏMİYYƏT
Masallıda gənclər narkomaniyanın, erkən nikahların və dini radikalizmin fəsadları barədə maarifləndiriliblər
Bakı, 15 noyabr, AZƏRTAC
Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayon mədəniyyət mərkəzində narkomaniyanın, erkən nikahların və dini radikalizmin fəsadlarına dair tədbir təşkil edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Masallı Dövlət Regional Kollecinin tələbələri ilə keçirilən görüşdə rayon polis şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov çıxış edərək bu gün ölkəmizdə gənc nəslin elm, təhsil, idman və digər sahələrdə inkişafı üçün əlverişli şəraitin yaradılmasından söz açıb. Şöbə rəisi bildirib ki, gözəl gələcəyimiz məhz bu günün yeniyetmə və gənclərinin təhsilə, elmə, idmana və sağlam həyat tərzinə münasibətindən asılıdır. H.Əmiraslanov zərərli vərdişlərin, xüsusilə narkomaniya bəlasının cəmiyyətdə, insan orqanizmində səbəb olduğu dəhşətli fəsadlardan, erkən nikah hallarının gələcək acı nəticələrindən, həmçinin dini radikalizmə qarşı aparılan mübarizədən danışıb. Qeyd edib ki, bu istiqamətdə polis orqanları da maarifləndirmə işi aparır və cəmiyyətimizin gələcəyinin sağlam əllərdə olması üçün səy göstərir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, kollecin direktoru Vidadi Nəzərov və digərləri polis əməkdaşlarının yeniyetmə və gənclərlə belə görüşlərin keçirilməsini yüksək qiymətləndirib, tələbələri bu cür həssas mövzulara diqqətlə yanaşmağa, verilən tövsiyələrə əməl etməyə çağırıblar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.