CƏMİYYƏT
Masallıda iki idman zalında karantin qaydalarının pozulduğu aşkarlanıb
Bakı, 9 may, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi növbəti tədbirlər zamanı rayonun Qəriblər kəndində yerləşən “Arena” qapalı futbol meydançasında futbol oyununun təşkil edilməsi müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları orada olan şəxslərə karantin rejiminin qaydalarını izah ediblər. 12 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib olunub.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər müvafiq tədbirlər nəticəsində Masallı şəhəri ərazisindəki trenajor zallarından birinin karantin qaydalarına zidd olaraq fəaliyyət göstərməsi aşkarlanıb. Orada məşq edən doqquz nəfər barəsində qanunamüvafiq qaydada inzibati protokol tərtib edilib.