REGİONLAR
Masallıda keçirilən seminar-müşavirədə uşaqların sağlamlığı məsələləri müzakirə edilib
Masallı, 25 aprel, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Gənclər Mərkəzində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin təşkilatçılığı ilə “Uşaqların sağlamlığı keşiyində duraq” mövzusunda seminar-müşavirəsi keçirilib.
Maarifləndirmə tədbirində rayonun ümumtəhsil orta məktəblərinin və məktəbəqədər uşaq müəssisələrinin rəhbərləri, tibb işçiləri, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova ölkəmizdə, o cümlədən Masallı rayonunda uşaqların və yeniyetmələrin sağlamlığının mühafizəsi ilə bağlı verilən tapşırıqların icrası istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Uşaq və Yeniyetmələr Gigiyena Bölməsinin müdiri İqbal Səfərova çıxışında uşaq və yeniyetmələrdə profilaktik tibbi müayinələrin aparılması, təhsil müəssisələrində su təminatının yaxşılaşdırılması, məktəblilər arasında sağlam mühit və sağlam həyat tərzi, tütün çəkmənin, spirtli içkilərin və narkomaniyanın zərərləri barədə söz açıb.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-gigiyenisti Narınc Orucova qida məhsullarının istifadəsi, təhsil müəssisələrində qidalanmaya nəzarət edilməsi, sanitariya-gigiyena qaydalarının və əksepidemik rejimin gözlənilməsi barədə məlumat verib.
Masallı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin gigiyena şöbəsinin müdiri Saleh Eminbəyli, Masallı Rayon Təhsil Şöbəsinin əməkdaşı Əyyar Bürhanov rayonda bu sahədə aparılan işlər, müəssisələrdə, xüsusən təhsil ocaqlarında həyata keçirilən tədbirlərdən danışıblar.
Seminar-müşavirədə uşaqların icbari dispanserizasiyaya cəlb olunmasının təşkili, uşaqlar və yeniyetmələr arasında pis vərdişlərin profilaktikası, uşaqlarda sağlam qidalanmanın təşkili, uşaqlar və məktəblilər arasında travmatizmin profilaktikası ilə bağlı müzakirələr aparılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb, onlara maarifləndirici kitabçalar paylanılıb.