REGİONLAR


Masallıda maarifləndirici tədbir: Narkomaniyaya və erkən nikaha yox deyək!

Masallı, 8 dekabr, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Dəfinə” məktəb-liseyində “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, tədbir iştirakçıları əvvəlcə narkotik vasitələrin səbəb olduğu fəsadlar və onun acı təsirləri barədə videoçarxı izləyiblər.

Maarifləndirici tədbirdə çıxış edən Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azay Ağayev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən danışaraq ölkəmizdə narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.

Qeyd olunub ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı görüşlər keçirirlər.

Diqqətə çatdırılıb ki, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynzadə, rayon təhsil şöbəsinin müdir müavini Samit İslamov və başqaları erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən danışıblar.

Çıxış edənlər, həmçinin erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğunu diqqətə çatdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.