REGİONLAR
Masallıda məktəblilər arasında stolüstü tennis üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıblar
Masallı, 8 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinə həsr edilmiş məktəblilər arasında stolüstü tennis üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən yarışda rayonun 20-dək ümumtəhsil məktəbini təmsil edən 40-a yaxın şagird müxtəlif yaş qruplarında qələbə uğrunda mübarizə aparıb.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Uşaq-Gənclər İdman Şahmat məktəbinin direktoru Əlifağa Yaqubov qalibləri təbrik edərək, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlıqlarından danışıblar.
Rayon birinciliyinin qalibləri Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıblar.