CƏMİYYƏT
Masallıda narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə tədbir keçirilib
Bakı, 23 noyabr, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Masallı rayonunda tədbirlər keçirilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupundan məlumat verilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun təşkilatçılığı və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə və Şəxsi Heyətlə İş idarələrinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin nümayəndələrinin iştirak etdikləri tədbirdə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə müzakirələr aparılıb, onlara metodiki kömək göstərilərək, zəruri əyani təbliğat materialları verilib.
Bundan əlavə, ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, valideyn komitəsi sədrlərinə “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda treninq keçirilib.
Sonda treninq iştirakçılarına Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı sertifikatlar, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün “Metodik tövsiyələr” kitabçası təqdim olunub.