REGİONLAR
Masallıda poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi başa çatıb
Masallı, 16 aprel, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə şəhər 3 nömrəli tam orta məktəbdə rayonun tam orta ümümtəhsil məktəblərinin şagirdləri arasında “Vətənin müdafiəsinə hazıram!” devizi ilə keçirilən poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən yarışda rayonun 20 ümumtəhsil məktəbinin 100-ə yaxın şagirdi qələbə uğrunda mübarizə aparıb.
Məktəblilər 100 metr məsafəyə qaçışda, qumbara atmada və turnikdən dartınmada qüvvə və bacarıqlarını sınayıblar.
Yarışın yekun nəticələrinə əsasən, Öncəqala kənd tam orta məktəbinin komandası birinci, Miyənkü kənd tam orta məktəbin komandası ikinci, “Dəfinə” məktəb-liseyinin komandası üçüncü yerlərə layiq görülüblər.
Qaliblərə diplomlar və hədiyyələr təqdim olunub.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov və Təhsil Şöbəsinin metodisti Əyyar Burhanov məktəbliləri təbrik edərək bildiriblər ki, yarışın keçirilməsində məqsəd “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyünün yeniyetmə və gənclər arasında təbliği, onları hərbi-vətənpərvərlik ruhunda tərbiyə etmək və orduda layiqli xidmət etmələri üçün fiziki hazırlıq səviyyələrini yüksəltməkdir.