REGİONLAR
Masallıda polis işçilərinin peşə bayramı qeyd olunub
Masallı, 1 iyul, Bağır Əliyev, AZƏRTAC
İyulun 1-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində polis işçilərinin peşə bayramı qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov polis işçilərini peşə bayramı münasibətilə təbrik edib. Azərbaycan polisinin keçdiyi çətin, məsuliyyətli, eyni zamanda, şərəfli yoldan söhbət açan R.Hüseynov ulu öndər Heydər Əliyevin Fərmanı ilə hər il iyulun 2-sinin polis işçilərinin peşə bayramı günü təsis edildiyini diqqətə çatdırıb, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan polisinin ictimai asayişin qorunmasında göstərdiyi xidmətləri qeyd edib.
Sonra rayon polis şöbəsinin rəisi, polis polkovniki Nəriman İmanovun məruzəsi dinlənilib.
Toplantıda rayon prokuroru Allahverdi Novruzov, polis veteranı, istefada olan polis polkovnik-leytenantı Tofiq Şahmarov, rayon icra hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamal Mazanov, gənc polis Cəlal Əbülfəzli və başqaları çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, xalqımız Azərbaycan polisinə böyük inam bəsləyir, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqlarının qorunmasında polisin xidmətləri danılmazdır.
Bildirilib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra polis əməkdaşları torpaqlarımızın ərazi bütövlüyünün müdafiə olunmasında misilsiz rəşadət və şücaətlər göstəriblər.
Sonda polis orqanlarında səmərəli fəaliyyətinə görə bir qrup əməkdaşa fəxri fərmanlar və pul mükafatları verilib.