REGİONLAR
Masallıda qədim el sənətini yaşadan sənətkarların əl işlərindən ibarət sərgi açılıb
Masallı, 31 iyul, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki “ASAN həyat” kompleksinin İncəsənət Məktəbində rayon Tarix-Diyarşünaslıq Muzeyi və "ABAD"ın Sənətkarlıq Mərkəzinin birgə layihəsi əsasında "Qədim sənətimiz müasir dövrdə" mövzusunda keçirilən tədbirdə rayonda qədim el sənətini yaşadan sənətkarlar, rəssamlar, yaradıcı insanlar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə İncəsənət Məktəbinin foyesində Masallı sənətkarlarının əl işlərindən ibarət sərgi ilə tanış olub, dulusçuların, sandıq ustalarının, xalçaçıların, zənbil toxuyanların və misgərlərin hazırladıqları əl işlərinə baxıblar.
Diskussiya şəklində davam edən tədbirdə çıxış edən Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Əntiqə Tağıyeva rayonda qədim xalq sənətkarlığının qorunması və inkişafı istiqamətində görülən işlərdən danışaraq bildirib ki, tədbirin davamı olaraq rəhbərlik etdiyi muzeydə sentyabrın 1-nə kimi "Sehrli ilmələr" mövzusunda bədii tikmələrin sərgisi keçiriləcək.
Tədbirdə xalçaçı Elmira Ağayeva xalçaçılıq sənəti və onun Masallıda inkişafından, dulusçu Cəsarət Nuriyev ata-baba sənətini yaşatmasından, misgər Taleh bu sənətdəki fəaliyyətindən, "ABAD"ın Sənətkarlıq Mərkəzinin direktoru Ümid Quliyev yerli sənətkarların hazırladıqları məhsulların satışının reallaşdırılmasından, Masallı Rəsm Qalereyasının elmi işçisi Təhmasib Məcidov qalereyanın fəaliyyətindən söz açıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.