REGİONLAR
Masallıda rəsm müsabiqəsinin qalibləri müəyyənləşib
Masallı, 18 yanvar, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Gənclər Mərkəzində Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə gənclər arasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov və rayon təhsil şöbəsinin metodisti Əyyar Burhanov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı cinayətdən danışaraq, 20 Yanvar şəhidlərinin qürur və qəhrəmanlıq nümunəsi olduğunu diqqətə çatdırıblar.
Münsiflər heyəti tərəfindən rəsm müsabiqəsinin qalibləri müəyyən edilib. 14-16 yaşlı gənclər arasında Türkoba kənd tam orta məktəbin şagirdi İlahə Ağayeva birinci, Böyük Xocavar kənd tam orta məktəbin şagirdi Əlisa Babayev ikinci, Hişkədərə kənd tam orta məktəbin şagirdi Nəzrin Asifzadə üçüncü yerə layiq görülüblər.
Xüsusi fərqləndiyinə görə isə, Masallı şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Aysu Qəniyeva diplomla mükafatlandırılıb.
Qaliblərə Masallı Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.