REGİONLAR


Masallıda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Masallı, 27 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı şəhərindəki Gənclər Mərkəzində rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinın şagirdləri arasında keçirilən “Azərbaycan Xalq Cümhuriyyəti ili”nə həsr olunmuş rəsm müsabiqəsinin qalibləri müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov müsabiqənin keçirilməsində əsas məqsədin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi əhəmiyyətini məktəblilər arasında təbliğ etmək, tariximizi öyrənmək, dövlətçilik ənənələrimizi, mənəvi dəyərlərimizi qorumaq, istedadlı uşaqları və gəncləri aşkar etməkdən ibarət olduğunu deyib.

Rayon Təhsil Şöbəsinin metodistləri Əyyar Burhanov çıxışında qeyd edib ki, uşaqlar arasında yaradıcılıq meyillərini stimullaşdırmaq, onların yaradıcılıq duyğularını inkişaf etdirmək, ətraf mühitə münasibət, ən başlıcası isə doğma Vətənə məhəbbət hisslərini artırmaq məqsədilə keçirilən bu tədbir şagirdlərimizin gələcək həyatında özünü daha qabarıq şəkildə göstərəcək.

Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib.

Masallı şəhər 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Pərvin Qasımova birinci, Boradigah 2 nömrəli tam orta məktəbin III sinif şagirdi Gülər Ağayeva ikinci, Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbin XI sinif Şamxal Cavadzadə üçüncü yerə layiq görülüblər.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.