REGİONLAR


Masallıda sağlamlıq imkanları məhdud olan aztəminatlı şəxslərə və qazilərə əlil arabaları verilib

Masallı, 19 yanvar, Bağır Əliyev, AZƏRTAC

Masallı Bioloji Təbabət Klinikasının akt zalında sağlamlıq imkanları məhdud olan aztəminatlı şəxslərə və qazilərə əlil arabaları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Masallıdan olan döyüşçülərin qəhrəmanlığından danışıb.

Qeyd olunub ki, Niderlandda fəaliyyət göstərən “Azərbaycan-Türk Mədəniyyət Dərnəyi” və “Kros Medical” tərəfindən “Qürbətdən Qarabağa” layihəsi çərçivəsində ehtiyacı olan qazilərə və sağlamlıq imkanları məhdud olan aztəminatlı şəxslərə verilməsi üçün mexaniki əlil arabaları gətirilib.

Belə nəcib təşəbbüsə görə Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkına minnətdarlığını bildirən Ş.Məmmədov, 44 günlük Vətən müharibəsindən əvvəl də onun Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində böyük işlər gördüyünü diqqətə çatdırıb.

Çıxış edən İlhan Aşkın Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin fəaliyyəti haqqında məlumat verərək bildirib ki, rəhbərlik etdiyi qurum uzun illərdir Avropada Azərbaycan həqiqətlərini təbliğ edir.

Sonra mexaniki əlil arabaları Viləş kəndindən olan Vətən müharibəsi əlili İdrak Abuşova, Təzə Alvadı kəndindən olan Vətən müharibəsi əlili Məmməd Səlimova, Göyəçöl kənd sakini Abdulbağı Abdullayevə və Masallı şəhər sakini Pərvin Abuşovaya təqdim edilib.

Tədbirdə iştirak edən qazilər və sağlamlıq imkanları məhdud olan aztəminatlı şəxslər dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edərək, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinə minnətdarlıqlarını bildiriblər.

Sonra Masallı Bioloji Təbabət Klinikasının direktoru Qüdrət Yaqubov Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun direktoru tərəfindən şəhid ailələri, müharibə əlilləri və veteranlara göstərdiyi diqqət və qayğıya görə fəxri fərmanla təltif olunub.

Sonda tədbir iştirakçıları Masallı şəhərinin Qəhrəmanlar Parkında “Şəhidlər” abidə-kompleksini ziyarət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.