REGİONLAR
Masallıda sakinlərə tibbi maska və antiseptik spirt paylanılıb
Masallı, 13 avqust, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları rayonda koronavirus pandemiyası ilə mübarizə məqsədilə yaradılmış mobil qruplarla birgə şəhərin küçə, park və xiyabanlarında, xidmət obyektlərində növbəti maarifləndirmə tədbir keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən aksiya zamanı sakinlərlə koronavirus pandemiyası ilə mübarizə məqsədilə maarifləndirmə söhbətləri aparılıb, onlara Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qəbul etdiyi qərarlara ciddi əməl etmək tövsiyə olunub.
Söhbət zamanı, həmçinin sosial məsafənin gözlənilməsi, insanların qrup şəklində bir araya toplanmaması, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandığı halda evdən çıxmaq, tibbi maska və digər antiseptik qoruyucu vasitələrdən istifadə olunması bir daha onların diqqətinə çatdırılıb.
Aksiya zamanı sakinlərə 100 ədəd tibbi maska, 30 ədəd antiseptik spirt paylanılıb.