REGİONLAR


Masallıda şəhid Nurlan Əsgərlinin xatirəsi anılıb

Masallı, 3 dekabr, Bağır Əliyev, AZƏRTAC

Dekabrın 3-də Masallı rayonunun Viləş kəndində keçirilən anım tədbirində 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş hərbi qulluqçu Nurlan Əsgərlinin xatirəsi ehtiramla yad edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhidin doğulduğu evə baş çəkib, uyuduğu məzarı ziyarət ediblər.

Viləş kənd tam orta məktəbində davam etdirilən anım mərasimində Azərbaycanın dövlət himni səsləndirilib, respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən məktəbin direktoru Habil Qənbərov, Viləş kənd ərazi icra nümayəndəsi Alim Ələmov, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin bölmə rəisi Babək Hacıyev, "Yeni həyat" qəzetinin baş redaktor müavini Rəsul Rzayev, şəhidin doğmaları və başqaları Azərbaycan əsgərinin Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqdan danışaraq işğal altında olan torpaqlarımızın Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olunacağına əminliklərini ifadə ediblər.

Çıxış edənlər Aprel döyüşlərindəki qələbənin Azərbaycan xalqının mübarizliyinin, Milli Ordumuzun gücünün təntənəsi olduğunu vurğulayaraq bildiriblər ki, bu qələbə xalqımızın Azərbaycan Prezidentinin ətrafında sıx birləşdiyini bir daha göstərir.

Şəhidin atası Bayram Əsgərov və anası Ziba Əsgərova ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Anım mərasimində məktəbin şagirdləri hərbi-vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.