REGİONLAR


Masallıda şəhid Rəfail Hüseynovun xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub

Masallı, 28 noyabr, Bağır Əliyev, AZƏRTAC

Masallıda 44 günlük Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə ucalmış gizir Rəfail Teymur oğlu Hüseynovun xatirəsinə həsr olunmuş "Şuşa fatehi" adlı ədəbi-bədii kompozisiya səhnələşdirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Xalq Teatrının həvəskar aktyorlarının və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin birgə iştirakı ilə hazırlanan teatr kompozisiyası Masallı Mədəniyyət Mərkəzində nümayiş olunub.

Tamaşanı rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, media və ictimaiyyət nümayəndələri izləyiblər.

Tamaşadan əvvəl şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şəhid gizir Rəfail Hüseynovun ömür və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.

Səhnə əsərinin müəllifi yazıçı-publisist Nurəddin Ədiloğlu çıxışında şəhidin qəhrəmanlıq yoluna qısa səyahət edərək “Şəhidlik manifesti” kitabının motivləri hazırlanmış ədəbi-bədii kompozisiyanın təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirib.

Şəhidin atası Teymur Hüseynov övladının şəhidliyini Vətəni qorumaqda ən müqəddəs amal kimi dəyərləndirib: “Rəfail hələ uşaqlıqda özünün qeyri-adi bacarığı, cəsarəti ilə fərqlənirdi. Belə oğullar valideynlər üçün, böyüdüyü el-oba üçün, ən başlıcası isə Vətən üçün başucalığıdır...”

Ədəbi-bədii kompozisiya Masallı Regional Mədəniyyət İdarəsinin rəsmi feysbuk səhifəsi vasitəsilə canlı yayımlanıb.

Qeyd edək ki, Rafail Teymur oğlu Hüseynov 1 yanvar 2000-ci il tarixində Masallı rayonunun Qarğalıq kəndində anadan olub. O, 2018-ci ilin yanvarında hərbi xidmətə yollanıb. Sonra Xüsusi Təyinatlı Qüvvələr kursuna könüllü yazılıb. Altı aylıq kursdan sonra hərbi hissədə kiçik gizir rütbəsində çalışmağa başlayıb.

Rəfail Hüseynov 44 günlük Vətən müharibəsinin 42 gününü döyüşüb. Döyüş zamanı neçə-neçə yaralı və şəhid əsgər yoldaşını təxliyə edib.

İgid döyüşçü Şuşa uğrunda döyüşlərdə şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən Azərbaycan Ordusunun giziri Rafail Teymur oğlu Hüseynov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin qardaşı Elmir Hüseynov da Vətən müharibəsinin iştirakçısıdır. O, müharibənin son gününə qədər cəbhədə olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.